Pol Poqba: “Dostlarım da mənə əvvəlki kimi zəng etmirlər”

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba dopinq qalmaqalının hekayəsinə necə qarşılıq verdiyindən söhbət açıb.

Arena.az “Daily Mail” dərgisinə istnadən məlumat verir ki, Poqba müvafiq qalmaqalın onun həyatında nələri dəyişdiyinə və həmçinin futbolçu karyerasından məqamlara toxunub:

“İnsanlar dopinq haqqında eşidəndə sizin Hulk olmaq istəyində olduğunuzu düşünürlər. İnsanlar məni belə qəbul etmişdilər. İctimai rəy isə o deməkdir ki, onlar sizə nə istəsələr, onu da deyə bilərlər.
Mən də bununla razıyam. Bu, həyatdır və mən bunu anladım. Mən çox böyüdüm və fərqli bir insan oldum. Sevdiyin bir şey səndən alınanda ona nə qədər dəyər verdiyini anlayıb dərk edirsən.
Məşhuri-cahan Pol Poqba yox olub. İnsanlar məndən qaçırlar. Əvvəllər mən dəb həftələrinə və buna bənzər tədbirlərə dəvət alardım. İndi isə deyirlər: “Biz Poqbaya zəng edə bilmərik”. Dostlarım mənə əvvəlki kimi zəng etmirlər”, deyə Poqba pərişancasına bildirib.

Fransalı futbolçu “Mançester Yunayted”də rəhbərliyi altında oynadığı portuqal mütəxəssis Joze Mourinyo ilə qarşılıqlı münasibəti haqda da danışıb:

“Bizim münasibətimiz oğlan və qızın münasibətinə bənzəyirdi, biz daim ayrılıb barışırdıq.

Bilmirəm niyə hər şey kabusa çevrildi və biz münaqişəyə başladıq. Amma münaqişəni mən başlamamışam. Məşqçilər və oyunçular arasında bəzən olduğu kimi, razılaşmırdıq. Amma ona böyük hörmətim var”, deyə Poqba etiraf edib.

“Yuventus”a görə Qvardiolanın təklifindən imtina etmişəm”

Poqba “Mançester Yunayted”dən Yuventus”a keçidi ərəfəsində “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiolanın “şəhərlilər”in düşərgəsinə keçmək təklifini geri çevirdiyini də bildirib:

“Bəli, “Yuventus”un təklifini qəbul etmək üçün “Pep”in təklifindən imtina etmişəm. Bu, doğrudur”, deyə Poqba bildirib.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq müayinəsindən müsbət nəticə ilə keçib. Fevralın 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın futbolçu fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti vermişdi. Artıq məlum olduğu kimi, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın dopinq istifadəsi ilə bağlı cəzasının müddətini azaldıb. Fransalı futbolçunun cəza müddəti daha əvvəl təyin edilmiş 4 il müddətindən 1 il 6 aya endirilib.

Poqba 2025-ci ilin yanvarından etibarən “Yuventus”la ümumi məşqlərə başlaya biləcək. Gələn ilin martına qədər isə Poqbanın rəsmi oyunlarda iştirakına icazə veriləcək.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: