“Yuventus”un fransalı yarımmüdafiəçisi, dopinq müayinənin müsbət nəticəsinə görə cəzalandırılmış Pol Poqba öz vəziyyəti haqda söhbət açıb.
Arena.az məlumat verir ki, Poqba müvafiq qərardan apellyasiya şikayəti ünvanlayıb və hazırda şikayətinə cavabın intizarındadır:
“Apellyasiya şikayəti tarixini gözləyirəm. O vaxta qədər məqsədim idman formasında qalmaq və gözləməkdir. Özümü tanıyandan bəri futbol həyatımın bir hissəsidir. Bununla belə, məni hər zaman dəstəkləyən ailəm, inamım, dostlarım və pərəstişkarlarım var. Bu, özümü daha yaxşı hiss etməyimə kömək edir, hər şey yaxşı olacaq”, – “Corriere dello Sport” nəşri Poqbadan sitat gətirir.
Xatırladaq ki, ötən ilin avqustunda Pol Poqba dopinq müayinədən keçib, fransalı yarımmüdafiəçinin müayinəsi müsbət nəticə verib. Cari ilin fevral ayının 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləyib. Məhkəmə Poqbanın futbol fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti verib.


