Bir dəstə yaxın dostu tərəfindən şantaj və adam oğurluğunun qurbanı olmuş fransalı futbolçu Pol Poqba təzminat tələb edib.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.
Poqba ona vurulmuş mənəvi ziyan müqabilində təzminat haqqı olaraq 50 min avro məbləğində ödəniş, həmçinin qardaşı Matias Poqbanı nəzərə almasaq, 5 müttəhimə oyunçunun hesabından xərclədiklərini pulu (təxminən 200 min avro məbləğ) geri qaytarmaq haqda tələb irəli sürüb.
Mənbənin məlumatına görə, Poqbanın vəkili, Matias Poqbanı, futbolçunun dostlarına etdiyi alış-veriş və hədiyyələrdən heç bir fayda görmədiyi üçün məhkəmə iclasında borclular siyahısından çıxarıb.
Bu arada “RMC Sport” dərgisi məlumat yayıb ki, Matias Poqba fransalı futbolçunun qaçırılması və bu əməlin 13 milyon avro məbləğində pul tələbi ilə həyata keçirilməsində iştirak etdiyi üçün 2 il müddətinə həbsə məhkum edilə bilər.
Mətbuatda yayılmış digər xəbərlərə görə isə prokuror Matias Poqba üçün belə bir cəzanın ev dustaqlığı və ya elektron qolbaq taxma imkanı ilə 10 min avro məbləğində cərimə və 3 il həbs (2 ili şərti olmaqla) cəzası ilə əvəz edilməsini istəyib. Cinayətkar dəstənin qalan üzvləri 5 ildən 8 ilədək həbs, 20 min avro məbləğiində cərimə və 10 il müddətinə silah gəzdirmək qadağası ala bilərlər.
Xatırladaq ki, 2022-ci ilin yazında, ehtimal ki, Pol Poqbanın uşaqlıq dostlarının da olduğu silahlı dəstə futbolçuya hədə-qorxu gələrək, Poqbadan 13 milyon avro məbləğ tələb etmişdi.
Poqbanın yeni klub axtarışı davam edir
Bu ilin fevralında Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi, sonra bu müddət 18 aya endirilmişdi. Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, fransalı futbolçu 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malikdir. Mart ayından etibarən isə Poqba futbol oynaya bilər. Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.
Əlavə edək ki, noyabrın 30-da Poqbanın “Yuventus”la müqaviləsinə rəsmən xitam verilib. Fransalı futbolçu azad agentə çevrilib və hazırda yeni klub axtarışındadır. Poqbanın “byankoneri” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Turin klubu fransalı futbolçunun əvvəlki əzəmətinə etimadını itirdiyi üçün Poqba ilə ayrılmaq qərarına gəlib. Buna rəğmən, Poqba uğursuzluqlardan geri-dönüşə iddialıdır. Xeyli müddət futbolsuz qalmış yarımmüdafiəçi məşq edir, öz üzərində çalışır.
Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçmişdi. Pol “byankoneri”nin heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.
Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.


