Premyer Liqa: “Kəpəz” “Neftçi”ni, “Sabah” “Qəbələ”ni qəbul edir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 1-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu əzəli rəqiblər – “Kəpəz” ilə “Neftçi” arasında baş tutacaq. Bu komandalar indiyə qədər elitada 55 dəfə üz-üzə gəliblər. Əvvəlki oyunlarda Gəncə təmsilçisi 18, bakılılar 27 qələbə qazanıblar, qalan 10 matçda qalib müəyyənləşməyib. “Kəpəz” 8 oyundur qələbə qazanmır. “Neftçi” isə son 4 səfərdə qalib gəlib.

Ötən mövsüm elitadakı yerini çətinliklə qoruyan, bu yay ciddi transferlər edə, hətta təlim-məşq toplanışı üçün ölkə xaricinə çıxa bilməyən Gəncə təmsilçisinə elə də böyük ümidlər bəslənilmir. “Neftçi” isə Avropa Konfrans Liqasında iştirak etdiyi üçün nisbətən daha yaxşı formadadır və “Kəpəz”lə matçın da aşkar favoriti hesab olunur.

Nəhayət, turun son matçında “Sabah” “Qəbələ”ni qəbul edəcək. Bu komandaların əvvəlki 19 oyununda paytaxt təmsilçisi 11 qələbə qazanıb. Qalan oyunlardan 3-ü heç-heçə bitibsə, “Qəbələ” 5 dəfə 3 xala sevinib. Amma əyalət təmsilçisi 7 matçdır bu rəqibinə qalib gəlmir. “Sabah” son 4 görüşdə ümumiyyətlə xal itirməyib.

Bu iki komanda Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edirdi. Amma “Sabah” yoluna davam etsə də, “Qəbələ” elə ilk cəhdində uduzaraq mübarizəni dayandırıb. Bu iki komandanın çempionat görüşündə hansı nəticənin qeydə alınacağı maraq doğurur.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında mövsümün açılış oyununda debütant “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3 hesabıyla uduzub. İkinci oyun günündə isə “Səbail” evdə “Sumqayıt”a (1:4), “Qarabağ” da “Zirə”yə (0:1) uduzub.

Azərbaycan Premyer Liqası
1-ci tur

4 avqust

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: Martin Petkov, 53; 87. Otto Con, 67.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Dalğa Arena”. Saat 20:00.

5 avqust

“Səbail” – “Sumqayıt” 1:4
Qollar: David Qomis, 62 – Rövlan Muradov, 27. Erik Sorqa, 67-pen. Kamran Quliyev, 70. Səbuhi Abdullazadə, 76.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”. Saat 18:30.

“Qarabağ” – “Zirə” 0:1
Qol: Dmitrios Çantakias, 49.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Azersun Arena”. Saat 21:00.

6 avqust

“Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Kamal Umudlu.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu. Saat 17:00.

“Sabah” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Cavanşir Yusifov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır. “Bank Respublika Arena”. Saat 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: