Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura start verilib. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
Turun açılış matçında “Liverpul” “Uotford”u sınağa çəkib. Çempionluq mübarizəsində lider “Mançester Siti” ilə xal fərqini minimuma endirən Yurgen Kloppun komandasının bu matçda büdrəməyə haqqı yox idi. “Uotford” Premyer Liqada qalmaq uğrunda mübarizə aparsa da, “Liverpul”dan xal almağı bacarmayıb.
Ötən tur “Kristal Pelas”la heç-heçə edən “Mançester Siti” “Bernli”nin qonağı olub. Növbəti xal itkisi Pep Qvardiolanın komandasına baha başa gələ bilərdi. Bu üzdən “şəhərlilər” bu dəfə xal itkisinə yol verməyiblər.
Turun diqqətçəkən matçlarından biri “Old Trafford”da oynanılıb. Burada “Mançester Yunayted” cari mövsümdə qeyri-sabit oyun sərgiləyən “Lester Siti”ni qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Brayton” – “Norviç Siti” və “Lids” – “Sauthempton” matçlarında da qalib müəyyənləşməyib.
Turun ən gözlənilməz nəticələrindən biri Londonda qeydə alınıb. Burada “Çelsi” “Brentford”la ev oyunundan böyükhesablı məğlubiyyətlə ayrılıb. “Vulverhempton” isə “Aston Villa”nı məğlub yola salıb.
Tura “Kristal Pelas” – “Arsenal” görüşüylə yekun vurulacaq.
İngiltərə Premyer Liqası
31-ci tur
2 aprel
Liverpul – Uotford 2:0
Qol: Jota, 22. Fabinyo, 89-pen.
Bernli – Mançester Siti 0:2
Qol: De Bruyne, 5. İ.Gündoğan, 25.
Brayton – Norviç Siti 0:0
Vulverhempton – Aston Villa 2:1
Qol: Conni, 7. E.Yanq, 36-öz qapısına – Uotkins, 86-pen.
Lids – Sauthempton 1:1
Qol: Harrison, 29 – Uord-Prauz, 49.
Çelsi – Brentford 1:4
Qol: Rüdiger, 48 – Caneltt, 50; 60. Eriksen, 54. Vissa, 87.
Mançester Yunayted – Lester Siti 1:1
Qol: Fred, 66 – İheanaço, 63.
3 aprel
17:00 Vest Hem – Everton
19:30 Tottenhem – Nyukasl
4 aprel
23:00 Kristal Pelas – Arsenal


