Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ən böyükhesablı qələbə rekordu təkrarlanıb.
Arena.az xəbər verir ki, 25-ci turun matçında “Neftçi” “İmişli”nin qapısından 6 cavabsız top keçirib.
Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb. Bunadək 23-cü turda “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0, “Sabah” “Qəbələ”ni 7:1 hesabı ilə məğlub etmişdi.
Ümumiyyətlə, ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqlə üstələyib. Bu, “Neftçi”nin 23-cü belə qələbəsidir. “Kəpəz”in 17, “Qarabağ”ın 14, “Şəmkir”in 9 belə qalibiyyəti var.
Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Ağ-qaralar” sonuncu dəfə 13 il 4 ay əvvəl – 2012-ci il noyabrın 17-də “Sumqayıt”a qarşı keçirdikləri Premyer Liqa görüşündə böyük üstünlük qazanmışdılar – 8:1.
Bir mövsümdə 3 dəfə altı və ya daha çox top fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. 2015/2016, 2017/2018 və 2022/2023 mövsümlərində də 3 belə nəticə qeydə alınıb. Daha çox – 4 matçın belə bitməsi isə sonuncu dəfə 2004/2005 mövsümündə yaşanıb.


