Premyer Liqa: Son 8 mövsümün rekordu qeydə alındı

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümündə yeni tamaşaçı rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, 22-ci turun sonuncu oyununa təsadüf edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş “Qarabağ” – “Sabah” matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.

Buna qədər rekord 12-ci turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutmuş “Sumqayıt” – “Qarabağ” oyununa 9100 seyrçi tamaşa etmişdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlmişdilər – 4:2.

“Qarabağ” – “Sabah” matçındakı göstərici təkcə cari deyil, Premyer Liqa çərçivəsində son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/2018-ci illər mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilmiş 11-ci turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.