Premyer Liqaya yüksələn sonuncu klub “Nottingem Forest” oldu

Futbol üzrə İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, bu gün Çempionşipdə pley-off mərhələsinin final qarşılaşması keçirilib.

Həlledici oyunda “Nottingem Forest” və “Haddersfild” komandaları üz-üzə gəlib. Dünyanın ən bahalı matçı kimi qələmə verilən bu görüşdə rəqibini 1:0 hesabıyla məğlub edən “Nottingem Forest” növbəti mövsümdən İngiltərə Premyer Liqasında iştirak hüququ qazanıb. Matçdakı yeganə qolu 43-cü dəqiqədə “Haddersfild”in futbolçusu Levi Koluill öz qapısından keçirib.

Xatırladaq ki, “Nottingem Forest” pley-offun yarımfinalında “Şeffild Yunayted”lə mübarizədən qalib ayrılmışdı. Hər iki oyunda qonaqlar 2:1 hesabıyla qalib gəldiyi üçün, sonda penaltilərə ehtiyac duyulmuşdu və 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nottingem Forest” finala çıxmışdı – 3:2. “Haddersfild” isə səfərdə baş tutan ilk oyunda “Luton”la 1:1 hesablı heç-heçəyə razılaşmış, öz evində 1:0 hesabıyla qalib gəlmişdi.

“Haddersfild” mövsümün əsas hissəsini 3-cü (82 xal), “Nottingem Forest” isə 4-cü (80 xal) sırada bitirmişdi. “Şeffild Yunayted” və “Luton” isə 75 xalla 5-6-cı pillələri bölüşdürmüşdü.

“Nottingem Forest” 23 illik fasilədən sonra Premyer Liqada iştirak hüququ qazanıb. Daha öncə çempion “Fulhem” (90 xal) və ikinci yerin sahibi “Bornmut” (88 xal) da elitaya vəsiqə qazanmışdı.

“Nottingem Forest” final görüşündə qalib gəlməklə həm də azı 170 milyon funt-sterlinq əldə edəcək. Komanda elitada bir il qalacağı halda, Premyer Liqanın yayımından 90 milyon funt-sterlinq əldə edəcək. Həmçinin elitanı erkən tərk etməsinə görə Premyer Liqa tərəfindən də paraşüt ödəmə sistemi vasitəsilə kluba 80 milyon funt-sterlinq veriləcək. Daha bir mövsüm elitada qaldıqdan sonra elitayla vidalaşacağı halda, klubun kassasına 300 milyon funt-sterlinq daxil olacaq.

Xatırladaq ki, “Nottingem Forest” 1978-ci ildə İngiltərə çempionu olub. Bu klub 1979 və 1980-ci illərdə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün yekunlarına əsasən, “Bernli”, “Uotford” və “Norviç Siti” klubları elitanı tərk edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: