PSJ-də Nordi Mukiele üçün mövsüm bitdi, Renato Sançes…

Futbol üzrə Fransa çempionatının (Liqa 1) vahid lideri olan PSJ-nin müdafiəçisi Nordi Mukiele uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.

Fransız futbolçu bud nahiyəsindən zədə alıb. Ətraflı müayinələrdən sonra onun əməliyyat olunmasına qərar verilib. 25 yaşlı oyunçunun əməliyyatı ötən gün Finlandiyada baş tutub. Futbolçunun reabilitasiyası və sağalması üçün bir neçə həftə lazım olacaq.

Klubdan verilən məlumata görə, Mukiele bu mövsüm meydana çıxmayacaq. Onun ən yaxşı halda yeni mövsümün hazırlığa başlayacağı tarixdə sıraya dönməsi gözlənilir.

Xatırladaq ki, Nordi Mukiele bu mövsümün əvvəlində – 2022-ci ilin iyul ayında Almaniyanın “Leypsiq” klubundan 12 milyon avro qarşılığında PSJ-yə transfer olunub. O, Paris təmsilçisində 25 oyuna çıxıb və 3 məhsuldar ötürmə müəllifi olub. Mukiele daha öncə “Leypsiq” (146 oyun, 10 qol, 11 məhsuldar ötürmə), “Monpelye” (56 oyun, 1 məhsuldar ötürmə) və “Laval” (42 oyun, 2 qol, 2 məhsuldar ötürmə) klublarının formasını geyinib. Fransanın aşağı yaş qrupları üzrə əksər yığmalarında oynamış müdafiəçi əsas millidə cəmi bir matça çıxıb.

Yeri gəlmişkən, PSJ-nin yarımmüdafiəçisi Renato Sançes də sıradan çıxıb. Portuqaliyadan olan 25 yaşlı futbolçu da əzələsini zədələyib. Onun klinik mənzərədən asılı olaraq, 3 və ya 4 həftədən sonra məşqlərə qayıtması gözlənilir.

Renato Sançes də PSJ-yə bu mövsümün əvvəlində “Lill”dən 15 milyon avro qarşılığında gəlib. Portuqaliya yığmasının üzvü Liqa 1 nəhəngində 22 oyuna 2 qol vurub. O, daha öncə “Benfika” (35 oyun, 2 qol, 1 assist), “Bayern” (53 oyun, 2 qol, 3 assist), “Suonsi Siti” (15 oyun, 1 assist) və “Lill”də (91 oyun, 7 qol, 10 assist) forma geyinib. Sançes Portuqaliya millisində də 32 oyuna 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: