PSJ-də Qonsalo Ramos şoku

Fransa nəhəngi PSJ-nin portuqal mərkəz hücumçusu Qonsalo Ramos aldığı zədə səbəbilə uğurlu cərrahi əməliyat keçirib.

Arena.az bu barədə PSJ-nin mətbuat xidmətinə istinadən məlumat verir:

“Bu gün Qonsalo Ramos Dohadakı klinikalardan birində sol topuğundan uğurlu cərrahi əməliyyat keçirib. Futbolçu bir neçə gün istirahət edərək Qətər paytaxtında bərpa mərhələsinə başlayacaq, sonra isə bərpasını PSJ-nin mərkəzində davam etdirəcək”, – PSJ-nin rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, Ramos Fransa Liqa 1-in yeni mövsümünün 1-ci turunda PSJ-nin 4:1 hesablı qələbə qazandığı “Havr”la səfər oyununda zədələnmişdi.

Qonsalo Ramos futbola “Olyanense” klubunda qədəm qoyub. O, həmçinin “Lole”də oynayıb və buradan Portuqaliya nəhəngi “Benfika”ya yol taparaq, böyük futbolda “qartallar”ın heyətində debüt edib. PSJ Ramosu 2023-cü ilin avqustunda “Benfika”dan icarəyə götürüb. Fransa nəhəngi 2024-cü ilin ilk günündə isə 65 milyon avro məbləğ müqabilində onu tamhüquqlu əsasda öz heyətinə qatıb.

Portuqal futbolçunun Fransa nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvdədir.

Ramos PSJ-nin heyətində ümumilikdə 41 oyun keçirib, 14 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qonsalo Ramos 2022-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 14 oyuna 8 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Ramos PSJ ilə Fransa çempionluğunu, Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı portuqal mərkəz hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.