PSJ-nin 4 futbolçusu azarkeşləri təhqirə görə cəzalandırıldı

Oktyabrın 5-də Fransa Peşəkar Futbol Liqasının (LFP) Nizam-İntizam Komitəsi PSJ-nin təqsirkar futbolçularını cəzalandırıb.

Arena.az Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumat verir ki, qurumun Nizam-İntizam Komitəsi Usman Dembele, Əşrəf Hakimi, Randal Kolo Muani və Leyvin Kurjava barəsində 1 oyunluq diskvalifikasiya qərarı verib.

Adı çəkilən “qəhrəmanlar” Liqa 1-in 6-cı turu çərçivəsində keçirilmiş oyundan sonra qonaq azarkeşlərin yer aldığı tribunalara doğru əxlaqsız ifadələr ünvanlayıblar.

Həmçinin qurumun nizam-intizam komitəsi PSJ-ni, azarkeşlərinin Marsel təmsilçisi ilə oyun zamanı tribunalardan homofob ifadələr səsləndirdiyi üçün cəzalandırıb. Paris klubunun ev stadionu “Park de Prens”in təqsirkar tribunası 1 oyunluq bağlanıb. Vurğulayaq ki, müvafiq cəza tədbiri şərtidir və növbəti oyuna da şamil edilə bilər.

Həmçinin Usman Dembele, Əşrəf Hakimi, Randal Kolo Muani və Leyvin Kurjava Marseldən olan azarkeşlərin ünvanıa səsləndirdikləri biədəb ifadələrə görə sosial şəbəkələrdə onlardan üzr istəyiblər.

Xatırladaq ki, PSJ sözügedən oyunda Marsel “Olimpik”ini darmadağınla (4:0) yola salmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: