PSJ-nin yarımmüdafiəçisi Li Kan İn Cənubi Koreya yığmasının heyətində U-23 Asiya Oyunlarında qalib olduğu üçün hərbi xidmətdən azad ediləcək.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Oktyabrın 7-də Asiya Oyunlarının final mərhələsində Cənubi Koreyanın 23 yaşadək futbolçulardan ibarət yığma komandası Yaponiya U-23 yığmasına 2:1 hesabı ilə qalib gələrək, turnirin çempionu adını qazanıb.
İndi Cənubi Koreya Respublikasının qanunlarına görə, Li Kan İn də daxil olmaqla, yığmanın futbolçuları hərbi xidmətdən azad edilməlidir.
Xatırladaq ki, Cənubi Koreya qanunlarına əsasən, yaşı 28-ə qədər hər bir kişi vətəndaş ölkənin milli ordusunda xidmət etməlidir.
Li Kan İn PSJ-yə cari ilin iyulunda 22 milyon avro qarşılığında “Malyorka”dan keçib. Cənubikoreyalı hücumameylli yarımmüdafiəçinin parislilərlə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Li Kan İn PSJ-nin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyunda iştirak edib.
Li Kan İn 2019-cu ilin sentyabrında debüt etdiyi Cənubi Koreya yığmasının heyətində 14 oyuna 2 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 22 yaşlı Li Kan İni 22 milyon avro məbləğində qiymətləndirir.


