PSJ, Eyndhoven PSV-sinin 20 yaşlı yarımmüdafiəçisi Xavi Simonsu geri satınalma maddəsinə müvafiq olaraq transfer edib.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Paris klubu holland futbolçunun müqaviləsindəki geri satınalma maddəsinə müvafiq olaraq, Xavi Simonsu 6 milyon avro qarşılığında yenidən öz heyətinə qaytarıb.
Xavi Simonsun transferini Parisdə rəsmiləşdirəcəyi bildirilir. PSJ rəhbərliyinin Xavinin gələcəyi ilə bağlı iki variantı var. Kilian Mbappe və ya Neymar klubdan ayrılsa, Simons PSJ-də qalacaq. Hər iki ulduz futbolçunun klubda qalacağı halda isə, Simons yayda icarə əsasında başqa kluba göndəriləcək.
Geridə qalmış 2022/2023 mövsümündə Simons PSV-nin heyətində 48 oyuna çıxıb, 22 qol vurub, 12 məhsuldar ötürmə verib.
Simonsun PSV ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu.
“Transfermarkt” internrt-portalı Xavi Simonsu 40 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xavi Simons mövsümün yekunlarına əsasən, 21 yaşa qədər futbolçuların “Golden boy 2023” mükafatına namizəd 100 futbolçu arasında 6-cı olmuşdu.


