Pyerluici Qollini və Bruk Norton-Kaffi “Cenoa”da

İtaliyanın “Cenoa” klubu heyətini iki yeni futbolçu – qapıçı Pyerluici Qollini və sağ cinah müdafiəçisi Bruk Norton-Kaffi ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Cenoa” Qollinini qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə “Atalanta”dan icarəyə götürüb. Norton-Kaffi isə İngiltərənin “Arsenal” klubundan 2 milyon avro müqabilində tamhüquqlu əsasda transfer olunub. 20 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Pyerluici Qollini karyerası ərzində “Verona”, “Aston Villa”, “Tottenhem”, “Fiorentina”, “Napoli” kimi klublarda da çıxış edib. İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış 29 yaşlı qolkiper, əsas millidə cəmi 1 oyun keçirib.

Bruk Norton-Kaffi isə “Arsenal”ın yetirməsi olsa da, bu klubun əsas komandasında debüt etməyib. O, “Linkoln Siti”, “Roterem Yunayted”, “Koventri Siti” və “Milluol” kimi klublarda icarədə oynayıb, İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib.

“Cenoa”da 7 ayrılıq

“Cenoa”da xeyli ayrılıq da yaşanıb. İtaliya klubunun 27 yaşlı polşalı mərkəz yarımmüdafiəçisi Filip Yaqello azad agent kimi “Lex”ə keçib. O, yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb.

İtaliya klubu İsveçrədən olan sağ cinah müdafiəçisi Silvan Heftini 1,2 milyon avroya “Hamburq”a satıb. 26 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

İtaliyalı mərkəz hücumçusu Massimo Koda “Sampdoriya”ya satılıb. “Cenoa” bu satışdan cəmi 500 min avro qazanb. 35 yaşlı forvard yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

24 yaşlı qanalı hücumçu hücumçu Kelvin Yeboa isə MLS təmsilçisi “Minnesota Yunayted”ə keçib. “Cenoa” onun satışından 3 milyon avro gəlir əldə edib. Yebo ABŞ klubu ilə 2027-ci ilin 31 dekabrına qədər anlaşıb.

George Puşkaş isə Türkiyənin “Bodrumspor” klubuna keçib. 28 yaşlı forvardın transfer detalları açıqlanmır. Rumıniya yığmasının da üzvü olan futbolçu Super Liqanın yeni iştirakçısı ilə 3 illik müqaviləyə imza atıb.

“Cenoa” almaniyalı sol cinah müdafiəçisi Lennart Çiborra ilə italyan yarımmüdafiəçisi Mattia Aramunu da icarəyə verib. 25 yaşlı Çiborra “Tirol”a, 29 yaşlı Aramu isə “Mantova”ya keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: