“Qəbələ” “Orenburq” üzərində qələbəni əldən verdi

2023/2024 mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Boluda gerçəkləşən hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” komandası ilə qarşılaşıblar.

“Fənərbaxça”nın Sərkan Acar Topuk Yaylası bazasında baş tutan qarşılaşmada Elmar Baxşıyev ilk dəqiqələrdən bu oyunçulara şans verib:

Kristof Atanqana, Lukas Afriko, Murad Musayev, Ürfan Abbasov, Gilad Abramov, Ahmed Ayzaya, Əyyub Allaş, Ülvi İsgəndərov, Osama Xalayla, Omar Hani.

Qarşılaşmada hesabı Azərbaycan təmsilçisi açıb. Ülvi İsgəndərov rəqib qapısına təyin olunmuş penaltidən dəqiq yararlanıb. Amma Rusiya klubu sonda məğlubiyyətdən xilas olmağı bacarıb. Nəticədə qarşılaşma bərabərliklə yekunlaşıb – 1:1.

Rusiyanın eyniadlı şəhərini təmsil edən “Orenburq” klubunun əsası 1976-cı ildə qoyulub. Klubun sahibi “Qazprom” şirkətidir. Tarixi ərzində müxtəlif liqalarda çıxış edən komanda 2022-ci ildə Premyer Liqaya qayıdıb. Orenburqlular ötən mövsümü 7-ci yerdə başa vurublar.

Xatırladaq ki, Qəbələnin eyniadlı təmsilçisi Boluda keçirdiyi ilk sınaq matçında Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlmişdi.

Komandanın Türkiyə toplanışı iyulun 20-nə qədər davam edəcək.

Yoxlama oyunu
15 iyul

“Qəbələ” – “Orenburq” 1:1
Qollar: Ülvi İsgəndərov, 50-pen – Vorobyev, 90+1.
“Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazası.

Xəbəri sosial şəbəkələrdə paylaş: