“Qəbələ”də Gilad Abramov və Kristof Atanqana da sıradan çıxdı

“Qəbələ”nin 5 futbolçusu – Gilad Abramov, Kristof Atanqana, Ürfan Abbasov, Asif Məmmədov və Fares Abu Akel zədədən əziyyət çəkir.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

“Qəbələ” Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində sabah “Kəpəz”lə qarşılaşacaq. Matç Gəncə şəhər stadionunda baş tutacaq.

Səfər görüşünün hazırlığında “qırmızı-qaralar”ın 5 futbolçusu iştirak etmir. 7-ci turun “Qarabağ”la ev qarşılaşmasında (1:2) zədə aldığı üçün əvəzlənən Gilad Abramov bərpa prosesi keçir. Onun bir həftədən sonra komandaya qoşulacağı gözlənilir.

Dizindən zədələnən qapıçı Kristof Atanqana da komanda ilə məşqlərə qatılmır.

Ürfan Abbasov, Asif Məmmədov və Fares Abu Akel isə bərpa prosesini davam etdirirlər.

Xatırladaq ki, sabah Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qəbələ” görüşünə saat 16:00-da start veriləcək. Gəncədəki görüş rəqiblərin 25-ci dueli olacaq. İndiyə qədər baş tutan 24 matçın hamısı Premyer Liqa çərçivəsində keçirilib.

Bu oyunlarda 10 qələbə qazanan “Qəbələ” 8 dəfə meydandan bir xalla ayrılıb. Digər 6 dueldə “Kəpəz” qalib gəlib.

“Qırmızı-qaralar” top fərqində də üstündür – 32-21. Son 7 oyunda qol sevinci yaşayan “Qəbələ” bu görüşlərdə uduzmayıb.

Komandalar 13-cü dəfə “Kəpəz”in meydanında qarşılaşacaqlar. Əvvəlki 12 oyunda 4 qələbəsi olan “Qəbələ” eyni sayda heç-heçə edib və xalsız qalıb. Rəqib meydanında 16 dəfə fərqlənən “Qəbələ” futbolçuları 13 top buraxıblar. Son 4 səfərdə qol vuran “Qəbələ” rəqib meydanından xalsız dönməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: