“Qalatasaray” “Qarabağ”la oyuna bu futbolçuları gətirir

Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirəcək Türkiyənin “Qalatasaray” komandasının Azərbaycana gətirəcəyi heyət bəlli olub. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi ölkəmizə 23 futbolçu ilə gələcək.

Bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Belə ki, komandanın baş məşqçisi Okan Buruk yoldaşlıq görüşü üçün 23 oyunçu seçib. O, Bakıdakı qarşılaşmada bu futbolçuların xidmətindən yararlana biləcək:

Qapıçılar: 12. Atakan Ordu, 34. Okan Koçuk;

Müdafiəçilər: 2. Leo Dyubua, 4. Matias Ross, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy;

Yarımmüdafiəçilər: 5. Lukas Torreyra, 6. Fredrik Midtsyö, 11. Yunus Akgün, 17. Nikolo Zaniolo, 22. Berkan Kutlu, 27. Serjio Oliveyra, 30. Yusuf Demir, 64. Xuan Mata, 56. Baran Demiroğlu, 59. Caner Doğan;

Hücumçular: 18. Bafetimbi Qomis, 99. Mauro İkardi, 44. Beknaz Almazbekov.

Müxtəlif milli komandalara dəvət almış və ya zədəsi olan futbolçulardan bəzisi Azərbaycana gətirilmir. Belə ki, Fernando Muslera, Kerem Aktürkoğlu, Dris Mertens, Viktor Nelsson, Milot Raşiça, Sam Adekuqbe, Emin Bayram və Saşa Boy kimi futbolçular siyahıdan kənarda qalıb. Əvəzində məşqçilər korpusu gənclərdən ibarət komandanın bir neçə üzvünü heyətə daxil ediblər.

Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyununa saat 20:00-da start veriləcək. Görüşdən əldə olunacaq bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: