Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi “Portu”dan Serjio Oliveyranı transfer edib.
Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Qalatasaray” bu transfer üçün Portuqaliya klubuna 3 milyon avro təzminat ödəyib. Futbolçu özü isə ilinə 2 milyon 750 min avro qazanacaq.
“Portu”nun yetirməsi olan futbolçu karyerasının ilk illərində “Beyra-Mar”, “Mexelen”, “Penafiel” kimi klublarda icarədə oynayıb. 2013-cü ildə “Pasuş de Ferreyra” klubuna transfer olunan mərkəz yarımmüdafiəçisi, 2015-ci ildə yenidən “Portu”ya qayıdıb. Lakin o, bu dəfə də “Nant”, PAOK və “Roma” kimi klublara icarəyə verilib. Karyerası ərzində 350 rəsmi matça çıxan futbolçu, 63 qol və 31 məhsuldar ötürmə müəllifi olub. Geridə qalan mövsümü “Roma”da keçirən futbolçu, bu komandada 22 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya klubu ilə Avropa Konfrans Liqasının qalibi olub. Portuqaliya yığmasında da 13 oyun keçirmiş yarımmüdafiəçi, cəmi 1 məhsuldar ötürmə müəllifi olub.


