Qaltye “Nitsa” oyunçularını niyə “Kinq-Konq”lar adlandırıb?

Qətərin “Əl-Duhail” komandasının baş məşqçisi Kristofer Qaltye “Nitsa”nın futbolçularını niyə “Kinq-Konq”lar adlandırdığını açıqlayıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Yekəpər” (ambal) və ya “Kinq-Konq” deməkdə tərəddüd etdiyimi xatırlayıram. Nəticədə ikinci termindən istifadə etdim. “Kinq-Konq” güc və qüvvədir. Başqa mənası yoxdur.

Biz Fransa Kubokunda “Nant”la oynayanda Nikolya Pallua üçün eyni termini işlətdim. Geriyə baxanda bunun onu təhqir etdiyini başa düşdüm, ona görə də üzr istəməliyəm. Bəli, mən o ifadəni işlətdim, amma irqçi bir şəkildə deyil.

Mən bu termini idman ruhu ilə işlədirəm. Əgər bir gün oyunçusu banan alan və ya meymun qışqırığına məruz qalan komandanın məşqçisi olsam, o zaman komandam stadionu tərk edəcək”, deyə Qaltye bildirib.

Xatırladaq ki, daha əvvəl “Nitsa”nın video-təhlilçisi Qaltyenin əleyhinə ifadə verərək, keçmiş məşqçinin futbolçuları “Kinq-Konq”lar adlandırdığını bildirib. Qaltyenin işi üzrə məhkəmə prosesi dekabrın 15-nə təyin edilib. Vurğulanır ki, fransız mütəxəssisi 3 il həbs cəzası gözləyə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: