Qara Qarayev: “Onun sayəsində “Neftçi”nin üzvü oldum”

Ötən gün “Qarabağ”dan ayrılaraq “Neftçi” ilə 2+1 illik müqaviləyə imza atan Qara Qarayev bu transferlə bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, o, paytaxt klubunun mətbuat xidmətinə müsahibəsində bunları söyləyib:

“Mənə göstərilən etimada görə “Neftçi” rəhbərliyinə minnətdaram. Məhz həmin etimad məni bu seçimi etməyə vadar etdi. Düşündüm ki, gələcək karyeram üçün “Neftçi”də davam etmək daha faydalı olar. Rəhbərliyin və kapitan Emin Mahmudovun sayəsində “Neftçi”nin üzvü oldum. Bu, həm öz istəyim, həm də onların köməyi idi. Emin mənə dedi ki, başqa kluba getsən, bir dost itirəcəksən. Onunla söhbətlərdə mənə çox faydalı məsləhətlər verdi. Karyeramda daha uğurlu dönəm olacağını düşünərək bura gəlmək qərarı verdim”.

Azərbaycan millisinin də üzvü olan 31 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Qarabağ”a təşəkkür etməyi də unutmayıb: “Rəqabətli komandaya keçsəm də, “Qarabağ”ın əziyyətini, dəyərlərini heç vaxt unutmayacağam. Hər bir dəyəri öz yerində qoruyub saxlaya bilərəm. 18 ildə mənə möhtəşəm dəstək oldular, ailə üzvü kimi qorudular. Ömrümün sonuna kimi onlara təşəkkür edəcəyəm. Bu, mənim həm mənəvi, həm də əxlaqi borcumdur”.

Qara Qarayev “Neftçi” azarkeşlərinin rəğbətini qazanmaq üçün çox çalışacağını diqqətə çatdırıb: “Neftçi”də ailənin üzvü olmaq bir az çətindir. Çünki “Neftçi” adının hədəfləri var. Bu komandanın bir parçası olmaq üçün çox çalışmaq lazımdır. Həm yığmada, həm də “Qarabağ”da necə ləyaqətlə çıxış etmişəmsə, eyni dərəcədə “Neftçi”nin də adını qoruyacağam. Həm meydanda, həm də ondan kənarda ən yaxşılardan olmaq üçün mübarizə aparacağam. Azarkeşlərə hansısa vədi vermək istəmirəm. Onlar iş, məhsuldarlıq görmək istəyirlər”.

Təcrübəli futbolçu hər hansı bir aqressivlik sərgiləməyəcəyini də vurğulayıb: “Bura gələndə vəd almamışam. Karyeramın gələcəkdə hansı yöndə davam edəcəyini bilmirəm. Heç kimə vəd vermərəm, heç kimdən də vəd almaram. Sadəcə, inam istəyərəm. Biz bir-birimizlə yox, klubun amalı üçün başqaları ilə rəqabətə hazır olmalıyıq. Karyeramı daha peşəkar şəkildə davam etdirməliyəm. Əlavə hiss, xüsusi aqressiya karyerama böyük zərbə vura bilər. “Neftçi”də də Qara adını qoruyub saxlayacağam”.

Xəbəri sosial şəbəkələrdə paylaş: