Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi, bu gün “Qarabağ”dan ayrılan Qara Qarayev “Neftçi”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. Təcrübəli oyunçu yeni komandasında 2 nömrəli formanı geyinəcək.
Qara Qarayev “Qarabağ”ın öz yetirməsidir. O, 2008-ci ildən bəri Ağdam klubunun əsas komandasında çıxış edirdi. Təcrübəli futbolçu bu komandada 442 matça çıxıb. Dayaq yarımmüdafiəçisi bu oyunlarda 5 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Qara Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub.
Qarayevin Ağdam klubu ilə müqaviləsinin müddəti bu yay başa çatmışdı. Tərəflər əməkdaşlığı davam etdirmək istəmədikləri üçün bu gün rəsmən yollarını ayırdıqlarını elan etmişdilər.
Yarımmüdafiəçi Azərbaycan milli komandasında da 76 oyun keçirib.
Xatırladaq ki, “Neftçi” daha öncə Emil Balayev, Filip Ozobiç, Yuri Matias və Mark Tamaşı da transfer etmişdi. Ötən mövsüm “Turan Tovuz”da icarədə olan Turan Vəlizadə də paytaxt klubuna qayıdıb. İvan Brkiç və Emin Mahmudov isə yeni müqaviləyə imza atıb. Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç və Solomon Kvirkveliya da komandanı tərk edib.


