Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” 2023/2024 avrokubok mövsümündə Azərbaycana UEFA reytinqində növbəti ballarını qazandırıb.
Arena.az xəbər verir ki, Ağdam klubu buna UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”la cavab görüşündə qazandığı qələbə sayəsində nail olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi Azərbaycana növbəti 0,250 bal qazandırıb. Bununla son 5 mövsümdə ölkəmizin ümumi reytinq balı 14,750-ə çatıb. Avropa ölkələri arasında 29-cu pillədə qərarlaşan Azərbaycan özündən bir addım öndəki Slovakiyadan cəmi 0,250 bal geri qalır.
Reytinq siyahısına 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71,569) üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,552) dördüncü, Fransa (51,914) isə altıncıdır. Fransızlar Niderlandı (52,100) özlərindən önə buraxıblar.
Türkiyə 26,600 balla 13-cü sırada qərarlaşıb.
“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Rakuv” komandası ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyun iyulun 26-da Polşada baş tutacaq və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Azərbaycanı avrokuboklarda təmsil edəcək digər klublar – “Qəbələ”, “Neftçi” və “Sabah” isə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onların ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq.
“Qəbələ” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Omoniya” komandasına qarşı mübarizə aparacaq.
“Neftçi” bu turnirin 1-ci təsnifat mərhələsinin “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibinə rəqib olacaq. Püşkə əsasən, “Neftçi” və “Sabah” ilk matçını səfərdə, “Qəbələ” evdə keçirəcək.


