“Qarabağ” FK avrokubok matçına görə “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Almaniyanın “Bayer” klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” müraciət ünvanlanıb. Klubun müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyən azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib. Bakı metropoliteni noyabrın 9-dan 10-na keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Xatırladaq ki, “Qarabağ” – “Bayer” oyunu noyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilcək. Oyuna saat 21:45-də start veriləcək.
Ağdam təmsilçisi üçün vacib əhəmiyyət kəsb edən bu oyuna bilet satışı da davam edir. 31 min azarkeş tutumuna malik mərkəzi arenada keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Avroliqanın qrup mərhələsinin H qrupunda yer almış bu komandaların ilk oyunu ötən ay Leverkuzendə baş tutub və təmsilçimizin məğlubiyyəti ilə bitib – 1:5.
Geridə qalmış 3 turdan “Bayer”in 9, “Qarabağ”ın 6 xalı var. H qrupunda bu iki komandadan başqa Norveçin “Molde” və İsveçin “Hakken” klubları da mübarizə aparır. Xalsız olan “Hakken” sonuncu, “Molde” isə 3 xalla üçüncüdür.


