Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ” ilə “Bayer” arasında Bakıda keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək.
Belə ki, matçda ədaləti Benua Bastyen qoruyacaq. Ona yan xətt hakimləri Hişam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək. VAR hakimi Benua Miyo olacaqsa, ona Erik Uattelye kömək edəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.
Qeyd edək ki, Benua Bastyen ilk dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edəcək. 2014-cü ildən FIFA referisi olan ədalət təmsilçisi daha əvvəl Leverkuzen klubunun avrokubok görüşündə iş başında olub. O, bu komandanın 2019/2020 mövsümündə evdə İtaliya təmsilçisi “Yuventus”a 0:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının qrup mərhələsinin qarşılaşmasına təyinat alıb.
Bastyen cari mövsümdə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində bir, qrup mərhələsində iki, Avropa Liqasının qrup mərhələsində isə iki matç idarə edib.
“Qarabağ” – “Bayer” oyunu martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək.
Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə bir həftə sonra – martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.
Xatırladaq ki, Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi 1/8 finala, Azərbaycan çempionu isə qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.


