“Qarabağ” Çempionlar Liqasında “Rakuv” səddini keçə bilmədi

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü raunduna vəsiqənin taleyinə Bakıdakı görüşdə aydınlıq gətirib.

Azərbaycan təmsilçisi bu rəqibə qarşı ilk oyununu səfərdə keçirmiş və 2:3 hesablı məğlubiyyətə üzülmüşdü. Bu üzdən də növbəti mərhələyə vəsiqə qazanmaq üçün ağdamlılara bu rəqib üzərində mütləq inamlı qələbə qazanmaq lazım idi.

Ağdam təmsilçisi bu rəqiblə yanvarda təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda da üz-üzə gəlmişdi. Komandamız həmin oyunda da 0:3 hesablı məğlubiyyətlə üzləşmişdi.

Bu rəqiblə Bakıdakı cavab qarşılaşmasında da hesabı polşalılar açıblar. Düzdür, komandamızın bu qola cavabı özünü çox gözlətməyib. Amma qalan dəqiqələrdə qapılara başqa qol vurulmadığına görə oyun heç-heçə bitib. Nəticədə Azərbaycan çempionu ÇL-də mübarizəni dayandırıb.

Xatırladaq ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”dan güclü olmuşdu. Komandamız səfərdə 2:1, doğma meydanda 4:0 hesablı qələbələrə sevinmişdi. “Rakuv” isə startda Estoniya “Flora”sını hər iki oyunda məğlub etmişdi – evdə 1:0, səfərdə 3:0.

Bu cütün qalibi olan “Rakuv” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kipr “Aris”i ilə qarşılaşacaq. Məğlub olan tərəf – “Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Potensial rəqiblər də məlumdur: HJK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubu.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul

“Qarabağ” – “Rakuv” 1:1
Qollar: Fran Tüdor, 52 – Redon Cica, 60.
Baş hakim: Sven Yablonski (Almaniya).
Bakı Olimpiya Stadionu.
İlk oyun – 2:3.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev (11. Adama Diakabi, 79), 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya (18. Juninyo, 70), 15. Leandro Andrade (90. Nəriman Axundzadə, 86), 10. Abdullah Zubir, 19. Redon Cica (17. Hamidu Keyta, 70).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Rakuv: 1. Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor (22. Deyan Soresku, 82), 20. Cin Karlos, 5. Qustav Berqqren, 66. Yannis Papanikolau, 11. Con Yeboa (27. Bartoş Novak, 31 / 30. Viladislav Koçergin, 61), 9. Lukaş Zvolinski (99. Fabian Pyasetski, 46), 77. Marçin Tsebulya (93. Sonni Kittel, 61).
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çiy, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak.
Baş məşqçi: David Şvarqa.

Xəbəri sosial şəbəkələrdə paylaş: