“Qarabağ” ÇL-i tərk etsə də, UEFA reytinqinə töhfə verdi

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” UEFA reytinqində ölkəmizə növbəti reytinq balları qazandırıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində ötən gecə Polşa “Rakuv”u ilə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda baş tutan oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Qarabağ” doğma meydandakı bərabərlik sayəsində ölkə reytinqinə 0,125 ballıq töhfə verib. Bununla da Azərbaycanın cari mövsümdəki xallarının sayı 1,000-ə çatıb. Bunun 0,625-i Ağdam klubunun, qalan 0,250 balı “Sabah”ın, 0,125-i isə “Neftçi”nin sayəsində qazanılıb.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatan Azərbaycan reytinq cədvəlində 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Sloveniya 16,250 reytinq xalına malikdir. Ölkəmizi isə Moldova (12,125) izləyir.

Reytinq cədvəlinə İngiltərə (88,928) başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,552) dördüncü, Fransa (51,914) isə altıncıdır. Fransızlar Niderlandı (52,300) özlərindən önə buraxıblar. Türkiyə isə 27,850 balla 12-ci sırada qərarlaşıb.

Ötən gecə baş tutan qarşılaşmalar Xorvatiya, Latviya, Lüksemburq və Şimali Makedoniyanın irəliləməsinə səbəb olub. Yunanıstan, İrlandiya, Finlandiya, Ermənistan, Malta, Monteneqro, Uels və Andorra isə geriləyiblər.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Onu da xatırladaq ki, “Qarabağ” iki oyunun cəmində “Rakuv”a 3:4 (2:3, 1:1) hesabı ilə məğlub olaraq, Çempionlar Liqası ilə vidalaşıb və Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yuvarlanıb. Azərbaycan çempionunun bu raunddakı rəqibi Finlandiya təmsilçisi HJK olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: