Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun “Qarabağ” – “Hakken” oyununun biletləri satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qarşılaşmanın biletləri bu gündən etibarən iticket.az-da satışdadır.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, “VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 250 manatdır.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Xatırladaq ki, “Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.
Avroliqanın qrup mərhələsinin H qrupunda yer almış bu komandaların ilk oyunu İsveçdə baş tutub. 2-ci tur çərçivəsində keçirilmiş səfər matçı təmsilçimizin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Geridə qalmış 4 turdan sonra “Qarabağ” 6 xalla qrup ikincisidir. Bütün oyunlarında məğlubiyyətlə üzləşən və xalsız olan “Hakken” isə sonuncu pillədə qərarlaşıb.
H qrupunda bu iki komandadan başqa Almaniyanın “Bayer” və Norveçin “Molde” klubları da mübarizə aparır. “Bayer” 12 xalla vahid liderdirsə, “Molde” 6 xalla qrup üçüncüsüdür.


