UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ludoqorets” oyununa bilet satışı davam edir.
Arena.az xəbər verir ki, artıq bu oyuna 28 000 bilet satılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sözügedən qarşılaşmanın biletləri avqustun 2-dən etibarən satışa çıxarılıb. Oyun saatına kimi qalan biletlərin də satılacağı və bu görüşdə anşlaq olacağı şübhə doğurmur.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Xatırladaq ki, “Qarabağ” – “Ludoqorets” oyunu bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.
Azərbaycan və Bolqarıstan təmsilçiləri arasındakı cavab qarşılaşması avqustun 13-də “Ludoqorets”in meydanında baş tutacaq. Həmin qarşılaşmaya da Bakı vaxtı ilə saat 22:00-da start verilməsi nəzərdə tutulub.


