Azərbaycan çempionu “Qarabağ” Türkiyənin “Qalatasaray” komandasına qarşı keçirdiyi xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib:
“Martın 26-da “Qarabağ” və “Qalatasaray” komandaları arsında xeyriyyə matçı keçirilmişdi. Əvvəlcədən də bəyan edildiyi kimi, bu oyundan gələn gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Nəzərinizə çatdırmaq istəyirik ki, oyunun gəlirləri 1.090.455 (bir milyon doxsan min dörd yüz əlli beş) AZN, təxminən 12.336.000 (on iki milyon üç yüz otuz altı min) Türkiyə lirəsi olub. Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) “Qalatasaray” tərəfindən açılmış yardım hesabına köçürüləcək.
Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcək.
Xeyriyyə matçında bizə dəstək olan “Azərsun”, “Final”, “Azərçay”, “Gesco Security”, Bakı Olimpiya stadionu, “Liv Bona Dea”, “Haber Global”, “CBC Sport”, Bakı Nəqliyyat agentliyi, “İticket”, “Misli”, “Sabah” FK, “Günyadın” restoranı, “Mr. Fix”, “Hünər Qrup”, “Bizon”, həmçinin “Hyundai”a minnətdarlığımızı bildiririk. Və… Şübhəsiz, çağırışımıza qoşularaq bu oyunu maraqlı edən, stadionda gəlmiş 62 mindən artıq azarkeşə sonsuz təşəkkürlər!”
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilmiş xeyriyyə matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


