Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə cavab oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü raunduna vəsiqənin taleyinə Bakıdakı görüşdə aydınlıq gətirəcək.
Azərbaycan təmsilçisi bu rəqibə qarşı ilk oyununu səfərdə keçirib. Çenstoxova şəhərindəki “Mieyski” stadionunda baş tutan oyun polşalıların 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Bu üzdən də növbəti mərhələyə vəsiqə qazanmaq üçün ağdamlılara bu rəqib üzərində mütləq inamlı qələbə qazanmaq lazımdır.
Ağdam təmsilçisi bu rəqiblə yanvarda təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda da üz-üzə gəlmişdi. Komandamız həmin oyunda da 0:3 hesablı məğlubiyyətlə üzləşmişdi.
“Rakuv” geridə qalan mövsümdə Polşa çempionatında 34 oyuna topladığı 75 xalla ölkə çempionu olub. Bu komanda 23 qələbə qazanıb, 6 heç-heçə edib və cəmi 5 məğlubiyyətə üzülüb. Klub UEFA reytinqində 171-ci pillədədir. Müqayisə üçün Azərbaycan təmsilçisinin bu siyahıda 61-cı sırada olduğunu da vurğulayaq.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”dan güclü olub. Komandamız səfərdə 2:1, doğma meydanda 4:0 hesablı qələbələrə sevinib. “Rakuv” da startda Estoniya “Flora”sını hər iki oyunda məğlub edib – evdə 1:0, səfərdə 3:0.
Qeyd edək ki, bu cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kipr “Aris”i ilə qarşılaşacaq. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Potensial rəqiblər də məlumdur: HJK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubu.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul
20:00. “Qarabağ” – “Rakuv”
Baş hakim: Sven Yablonski (Almaniya).
Bakı Olimpiya Stadionu.
İlk oyun – 2:3.


