Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü raunduna vəsiqə uğrunda Polşa çempionu “Rakuv”la mübarizə aparır.
Azərbaycan təmsilçisi bu rəqibə qarşı ilk oyununu səfərdə keçirib. Çenstoxova şəhərindəki “Mieyski” stadionunda baş tutan oyunu İsveçrədən olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”dan güclü olub. Komandamız səfərdə 2:1, doğma meydanda 4:0 hesablı qələbələrə sevinib. “Rakuv” da startda Estoniya “Flora”sını hər iki oyunda məğlub edib – evdə 1:0, səfərdə 3:0.
“Rakuv” geridə qalan mövsümdə Polşa çempionatında 34 oyuna topladığı 75 xalla ölkə çempionu olub. Bu komanda 23 qələbə qazanıb, 6 heç-heçə edib və cəmi 5 məğlubiyyətə üzülüb. Klub UEFA reytinqində 171-ci pillədədir. Müqayisə üçün Azərbaycan təmsilçisinin bu siyahıda 61-cı sırada olduğunu da vurğulayaq.
Ağdam təmsilçisi bu rəqiblə yanvarda təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda üz-üzə gəlmişdi. Komandamız həmin oyunda 0:3 hesablı məğlubiyyətlə üzləşmişdi.
Rəsmi qarşılaşma da Azərbaycan çempionu üçün uğurlu alınmayıb. İlk hissəsi qolsuz bitən matçın ikinci yarısında komandamız avtoqol nəticəsində hesabda geri düşüb. Az sonra qapıçı Şahruddin Məhəmmədəliyev daha bir kobud səhvə yol verməklə ikinci qolu buraxıb. Amma ruhdan düşməyən Ağdam təmsilçisi Redon Cicanın 2 dəqiqəyə imza atdığı dubl sayəsində hesabı bərabərləşdirib. Buna rəğmən, yekunda meydan sahibləri qələbə qolunu vurmağı bacarıblar.
Azərbaycan və Polşa çempionları arasındakı cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
Bu cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarus BATE-si ilə Kipr “Aris”inin güclüsü ilə qarşılaşacaq. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Potensial rəqiblər də məlumdur: HJK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubu.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul
“Rakuv” – “Qarabağ” 3:2
Qollar: Elvin Cəfərquliyev, 55-öz qapısına. Fabian Pyasetski, 71. Sonni Kittel, 90+1 – Redon Cica, 73; 75.
Baş hakim: Lukas Fandrix (İsveçrə).
Çenstoxova, “Mieyski” stadionu.
Rakuv: 1. Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman (5. Qustav Berqqren, 65), 20. Cin Karlos (22. Deyan Soresku, 84), 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin (93. Sonni Kittel, 81), 77. Marçin Tsebulya (11. Con Yeboa, 65), 9. Lukaş Zvolinski (99. Fabian Pyasetski, 65).
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çiy, 17. Mateuş Vdovyak, 27. Bartoş Novak.
Baş məşqçi: David Şvarqa.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev (5. Maksim Medvedev, 70), 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç (66. Patrik Andrade, 70), 7. Yassin Benzya (17. Hamidu Keyta, 70), 15. Leandro Andrade (20. Riçard Almeyda, 83), 10. Abdullah Zubir, 19. Redon Cica (90. Nəriman Axundzadə, 82).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Adama Diakabi, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.


