Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsində Bolqarıstan “Ludoqorets”i ilə qarşılaşan Ağdam təmsilçisi buna möhtəşəm qələbə ilə nail olub.
Bakıda baş tutan ilk matçda bu rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası cavab görüşündə 7:2 hesablı möhtəşəm qələbəyə imza atıb. Nəticədə son illərin dəyişməz Azərbaycan çempionu ÇL-in pley-offuna yüksəlib. Komanda eyni zamanda ən pis halda Avropa Liqasında əsas mərhələyə vəsiqəni təmin edib.
Xatırladaq ki, Ağdam təmsilçisi buna qədər 2 dəfə ÇL-də pley-offda oynayıb. Bunlardan birində uduzan Azərbaycan çempionu Avroliqanın qrupuna düşüb. Ağdam klubu digər cəhdində də tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.
“Ludoqorets”i 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb. Ağdam təmsilçisi bu nəticə ilə avrokuboklardakı ən böyükhesablı qələbəsini rəsmiləşdirib.
Buna qədər Azərbaycan klubunun Avropa turnirlərində qazandığı ən irihesablı qələbələr “Samtrediya” (Gürcüstan) və “Linkoln” (Cəbəllüttariq) matçlarında qeydə alınmışdı – hər ikisi 5:0. Hər iki qarşılaşma UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə təsadüf edib.
“Ludoqorets” üzərində qazanılan qalibiyyət həmçinin “Qarabağ”ın ən böyükhesablı səfər qələbəsi kimi də tarixə düşüb. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 13 il əvvəl Avropa Liqasının 1-ci təsnifat mərhələsində səfərdə Latviyanın “Banqa” klubunu 4:0 hesabı ilə üstələyərək ilki gerçəkləşdirmişdi.
Sonda onu da qeyd edək ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi ilə mübarizə aparacaq. Bu rəqiblə ilk oyun səfərdə baş tutacaq. Cavab görüşü isə bu ayın sonunda Bakıda olacaq.


