Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə növbəti sınağına çıxacaq.
Arena.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsi çərçivəsində Xorvatiyanın “Dinamo” komandası ilə qarşılaşacaq.
Zaqreb təmsilçisi ilə ilk oyun səfərdə baş tutacaq. Görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcəklər.
Bu, Azərbaycan və Xorvatiya klubları arasında 4-cü avrokubok dueli olacaq.
Ağdam klubu ilk dəfə belə qarşılaşmada iştirak edəcək. “Dinamo” isə əvvəlki duellərdə klublarımıza rəqib olub. Zaqreb klubu iki dəfə Çempionlar Liqasında təmsilçimizlə görüşüb. 2007/08 mövsümündə 1-ci təsnifat mərhələsində “Xəzər Lənkəran” yalnız səfərdəki əlavə vaxtda rəqibinə uduzub – 1:1, 1:3 (əlavə vaxtda). Dörd il sonra Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” “Dinamo” ilə görüşüb. Xorvatiyalılar yenə evdəki qələbə ilə tur adlayıb – 3:0, 0:0. Digər duel isə elə bu mövsüm “Zirə” ilə “Osiyek” arasında baş tutub və təmsilçimizin xeyrinə yekunlaşıb. Ümid edək ki, qısa müddət ərzində çempionumuz da oxşar uğura imza atmaqla “Dinamo” ilə əvvəlki uğursuzluqlarımızı unutdurmuş olacaq.
Qeyd edək ki, “Dinamo” Çempionlar Liqasındakı mübarizəsinə məhz bu mərhələdən start verəcək. “Qarabağ” isə avrokubok mövsümünə turnirin 2-ci təsnifat mərhələsindən başlayıb. Qurban Qurbanovun yetirmələri startda “Linkoln”u (Cəbəllüttariq) mübarizədən kənarlaşdırmışdılar. Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində isə “Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdırıb.
Azərbaycan və Xorvatiya çempionları arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
20 avqust
23:00. “Dinamo” – “Qarabağ”
Hakimlər: Qenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (Hamısı İsveç).
VAR hakimləri: Bastian Dankert, Yohann Pfayfer (hər ikisi Almaniya).
Hakim-inspektor: Maykl Rili (İngiltərə).
UEFA nümayəndəsi: Filip Popovski (Şimali Makedoniya).
Zaqreb. “Maksimir” stadionu.


