“Qarabağ”da Zəkəriyyə Savo şoku – 8 həftə oynamayacaq

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Qarabağ”ın qambiyalı mərkəz hücumçusu Zəkəriyyə Savo uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, zədəli Savonun durumuna aydınlıq gəlib. İsveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtıldığı üzə çıxıb. Onun 8 həftəyə yaşıl meydanlara geri qayıtması gözlənilir.

Xatırladaq ki, Savo UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnmişdi.

“Qarabağ” Savonu bu yay İsveçin “Yurqorden” klubundan transfer edib. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, Ağdam klubunda 11 nömrəli formanı geyinir. Savo indiyə qədər bu komandanın heyətində 4 rəsmi oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

İsveç vətəndaşlığı da olan qambiyalı hücumçu karyerası ərzində İsveçdə “Olimpik”, “Rosenqard”, “Oskarshamns”, Norveçdə “Start”, Kiprdə “Aris” kimi klublarda da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: