“Qarabağ”dan “Rakuv”la səfər matçı öncəsi azarkeşlərə müraciət

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı “Rakuv”la səfər matçını izləmək istəyən azarkeşlərə müraciət edib.

Arena.az xəbər verir ki, Ağdam klubu həmin oyunda komandanı “Mieyski” stadionunda dəstəkləmək istəyən azarkeşləri üçün ayrılmış biletlərlə bağlı məlumat yayıb.

Klubdan verilən məlumata görə, həmin biletlər oyun günü saat 18:15-dən etibarən D sektorunun yanında satılacaq. Biletlərin qiyməti 55 zlotdur (PLN).

Bilet satışını meydan sahibi “Rakuv” klubunun həyata keçirdiyi də vurğulanıb.

Xatırladaq ki, bu komandaların ilk oyunu iyulun 26-da Polşada keçiriləcək. Çenstoxovadakı “Mieyski” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.

Yeri gəlmişkən, bu komandalar arasında Bakıda keçiriləcək cavab matçının da biletləri sabah – iyulun 25-də, saat 14:00-dan etibarən satışa çıxarılacaq. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri bunlardır:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış) və Ağdam klubunun “Park Bulvar”dakı fan-şopu.

Cavab qarşılaşması bir həftə sonra – avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Həmin oyunun start fiti saat 20:00-da səslənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: