“Qarabağ”ın potensial rəqiblərindən darmadağın – Konfrans Liqası

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Arena.az xəbər verir ki, Azərbaycanın avrokuboklardakı təmsilçiləri – “Qarabağ”, “Sabah” və “Neftçi”nin bu turnirin pley-off mərhələsindəki potensial rəqibləri də bu gün ilk oyunlarını keçiriblər.

“Qarabağ”ın pley-offdakı potensial rəqibləri olan Rumıniyanın “Farul” və Estoniyanın “Flora” komandaları arasındakı ilk görüş Konstantada baş tutub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Georgi Hacının baş məşqçi olduğu Rumıniya təmsilçisinin qollarını 48-ci dəqiqədə Denis Alibek, 80-ci dəqiqədə Konstantin Budesku və 90+5-ci dəqiqədə Dioqo Lukas Keyroş vurublar.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda Finlandiyanın HJK komandasını 2:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisi avqustun 17-dəki cavab matçında bu raundu keçə bilməsə, Konfrans Liqasının pley-offunda “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Avroliqanın 3-cü raundunda qalib gələcək komandanı isə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə görüş gözləyir. Bu komandaların ilk oyununda İstanbul nəhəngi səfərdə 3:0 hesabıyla qalib gəlib.

“Sabah”ın mümkün rəqiblərindən heç-heçə, “Neftçi”nin mümkün rəqiblərinin oyununda 1 qol

“Sabah”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri – Rumıniyanın “Styaua” və Danimarkanın “Nordsyellan” kollektivləri arasındakı ilk qarşılaşma da birincilərin meydanında baş tutub. Bu matç qolsuz bərabərliklə başa çatıb. Qonaqlar 59-cu dəqiqədə meydanda azlıqda qalıblar. Adamo Naqalo ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Amma Rumıniya təmsilçisi bu şansdan yararlana bilməyib.

Qeyd edək ki, bu cütün qalibu pley-off mərhələsində “Sabah” – “Partizan” duelinin güclüsünə rəqib olacaq. Bakı klubu evdə Belqrad təmsilçisinə qarşı keçirdiyi 3-cü raundun ilk matçında 2:0 hesablı qələbə qazanıb. Cavab görüşü ayın 17-də Serbiya paytaxtında baş tutacaq.

“Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri – Yunanıstan “Aris”i ilə Kiyev “Dinamo”su da Salonikidə üz-üzə gəliblər. Yunanlar doğma meydanda 1:0 hesablı qələbəyə seviniblər. Yeganə qolu 69-cu dəqiqədə Luis Palma penaltidən vurub.

Qeyd edək ki, bu cütün qalibu pley-off mərhələsində “Neftçi” – “Beşiktaş” duelinin güclüsü ilə qarşılaşacaq. Bakı klubu evdə İstanbul təmsilçisinə qarşı keçirdiyi 3-cü raundun ilk matçında 1:3 hesablı məğlubiyyətlə üzləşib. Cavab görüşü ayın 17-də İstanbulda olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: