Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Liqa Kubokunun qalibi olub.
Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya Liqa Kubokunun finalında “Eştoril”lə qarşılaşıb.
Oyun Leyria şəhərindəki “Maqalayş Pessoa” stadionunda baş tutub. Matçın əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. “Qarabağ”ın rəqibi penaltilər seriyasında qalib gəlib (5:4) və kuboku qazanıb.
Altıncı dəqiqədə qonaqların braziliyalı hücumçusu Kassiano penaltidən hesabı açıb. 20-ci dəqiqədə Rodriqo Salasarın dəqiq ötürməsi sayəsində Rikardo Orta tarazlığı bərpa edib. Penaltilər seriyasında braqalı oyunçular beş cəhdin hamısını qola çevirə biliblər.
Bununla da “Braqa” tarixində üçüncü dəfə (2013, 2020 və 2023) Liqa Kubokunu qazanıb. Bu komanda daha iki dəfə (2017, 2021) finalda məğlub olub. “Eştoril” ilk dəfə bu turnirin finalında çıxış edib.
“Qarabağ”ın rəqibi növbəti matçını fevralın 1-də evdə Portuqaliya çempionatı çərçivəsində “Çaves”ə qarşı keçirəcək.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.


