UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Rakuv”un qonağı olacaq “Qarabağ”ın Polşaya səfər proqramı açıqlanıb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi sözügedən ölkəyə iyulun 25-də saat 11:30-da Polşaya yollanacaq.
Baş məşqçi Qurban Qurbanovun iyulun 25-də yerli vaxt ilə 19:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransı başlayacaq. Media nümayəndələri üçün nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Mieyski” stadionunda baş tutacaq.
Xatırladaq ki, “Rakuv” – “Qarabağ” matçı iyulun 26-da keçiriləcək. Oyuna Bakı vaxtı ilə 22:15-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə bir həftə sonra – avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Həmin oyunun start fiti də saat 20:00-da səslənəcək.


