Veteran futbolçu Pol Qaskoyn “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun “Real”a keçəcəyi təqdirdə uğurli olacağına inanır.
Arena.az keçmiş hücumameylli yarımmüdafiəçinin bu barədə fikrini təqdim edir:
“Əlbəttə, uğuru olacaq. Cud Bellingemin İspaniyada qazandığı uğura bir baxın. O, yığmada da yaxşı çıxış edir, amma AÇ-2024-də o qədər də yaxşı deyildi. Sonra onun “Real”dakı oyunlarına baxdım, o, əla idi”, deyə Qaskoyn fikrini əsaslandırıb.
“Liverpul”un keçmiş hücumçusu Con Oldric də “qırmızılar”ın vitse-kapitanının bu klubdakı aqibəti haqda danışıb:
“Trentlə bağlı vəziyyət mənim üçün anlaşılmazdır. O, “Liverpul”u sevir və bir gün komandanın kapitanı olmaq istəyir. Amma uzunmüddətli perspektivdə hər şey Trentin nə istədiyindən asılı olacaq. Düşünürəm ki, onun müqaviləsi çoxdan həll edilməli idi. Amma bəlkə də onu İspaniyada yeni təcrübə perspektivi cəlb edir”, deyə Oldric bildirib.
Xatırladaq ki, 26 yaşlı ingilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Onun gələn ilin yayında Madrid “Real”ına keçəcəyi barədə xəbərlər dolaşmaqdadır.
Trent Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. Bütövlükdə isə o, bu komandada 319 oyuna 19 qol vurub, 83 assistlə yadda qalıb.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı nüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.