“Atalanta”nın baş məşqçisi, italyan mütəxəssis Can Pyero Qasperini Berqamo klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Atalanta” ilə yeni müqavilə haqda şifahi razılıq mövcuddur, heç bir fəsad yoxdur”, deyə Qasperini açıqlayıb.
Can Pyero Qasperini “Atalanta”nı 2016-cı ilin iyunundan çalışdırır. 66 yaşlı İtalyan mütəxəssisin Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Qasperini “Atalanta”nı İtaliya Kubokunun finalına daşıyıb və burada gərgin mübarizədə “Yuventus”a 0:1 hesabı ilə məğlub olub. Buna rəğmən, Qasperini komandasını toparlayıb ötən mövsümdə məğlubiyyət tanımayan Almaniya Bundesliqasının çempionu “Bayer”i Avropa Liqasının finalında 3:0 hesabı ilə məğlub edərək, həm özünün və həm də klubun beynəlxalq müstəvidə ilk böyük qənimətini qazanıb.
Ötən mövsüm İtaliya A Seriyasını isə Qasperininin “Atalanta”sı 69 xalla 4-cü pillədə başa vuraraq, növbəri mövsümdə Çempionlar Liqasında iştirak hüququnu qazanıb.
Qasperinin rəhbərliyi altında “Atalanta” 387 oyuna çıxıb, 201 qələbə qazanıb, 90 heç-heçə edib və 96 məlubiyyət yaşayıb. Berqamo təmsilçisinin top fərqi isə 749:463 nisbətindədir.
66 yaşlı italiyalı mütəxəssis daha öncə “Cenoa”, “Palermo”, “İnter” və “Krotone”yə də rəhbərlik edib.


