Qnabri və Müllerdən 3:3-ə şərh: “Bu oyunda qalib gəlməliydik”

“Bayern”in almaniyalı hücumçusu Serj Qnabri Bundesliqanın 6-cı turunun Frankfurt “Ayntraxt”ı ilə oyunundakı heç-heçəni şərh edib.

Arena.az xəbər verir ki, məhsuldar alınan bu qarşılaşma 3:3 hesabıyla yekunlaşıb.

Almaniyalı futbolçu matçdan sonra bunları söyləyib:

“Ayntraxt”ın çox imkanı yox idi, amma onlar fürsətlərindən yararlandılar. Oyunu nəzarət altında saxlayırdıq. Əlbəttə, belə yaxşı oyundan sonra 3:3 bizim üçün çox, çox acı nəticədir. Düşünürəm ki, çox yaxşı oynadıq, hər şeyə nəzarət etdik, çox hücum etdik. Sonda evə qələbə ilə qayıtmalı idik. Bu, futboldur”, deyə Qnabri vurğulayıb.

“Bayern”in digər hücumçusu Tomas Müller də qarşılaşmadan sonra fikirlərini paylaşıb:

“Ayntraxt” mütləq dörd qol vura bilərdi ki, onlardan üçünü vurdu, çünki komandanın səviyyəsi var. Bununla belə, mənim fikrimcə, bu oyunda qalib gəlməliydik. Əgər onlarla 15 dəfə oynasaq, 13 oyunda qalib gələrdik”, deyə Müller bildirib.

“Bayern”in yarımmüdafiəçisi Yozua Kimmix isə bu oyunun son dəqiqələrində topu itirdiyinə və bunun nəticəsində rəqibin 3:3 hesablı heçə-heçəni qopardığına görə, komanda yoldaşı Tomas Müller tərəfindən tənqid edilməsinə münasibətini bildirib:

“Bir-birimizlə açıq və dürüst ünsiyyət qurmağımız həmişə vacibdir və Tomas da belədir. Bu, mənim top itirməyimin dərhal qola səbəb olduğu hal deyil. Amma ümumilikdə futbol meydanında həmişə fərqli qərarlar qəbul etmək olar. Qərar vermək həmişə vacibdir. Bəzən yaxşı qərarlar verirsən, bəzən də pis qərarlar qəbul edirsən”, deyə Kimmix vurğulayıb.

Qeyd edək ki, bu xal itkisinə baxmayaraq, “Bayern” Almaniya Bundesliqasında 6 oyuna topladığı 14 xalla zirvədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: