Futbol üzrə Argentina milli komandasının sabiq hücumçusu Qonsalo İquayn karyerasını başa vurub. Arena.az xəbər verir ki, son olaraq ABŞ-da MLS təmsilçisi “İnter” (Mayami) klubunun formasını geyinən futbolçu, 34 yaşında futboldan getməyə qərar verib.
İquayn hələ bir neçə ay öncə MLS-də mövsüm bitərkən karyerasını bitirəcəyini açıqlamışdı. “İnter” ölkə çempionatında mövsümün əsas hissəsini 48 xalla 6-cı pillədə başa vurub. Pley-offa vəsiqə qazanan Mayami təmsilçisinin ilk rəqibi isə “Nyu York Siti” olub. Devid Bekhemin sahibi olduğu klub bu görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşərək medal qazanmaq şansını itirib. Bu oyun İquayn üçün də son matç olub. O, matçdan sonra göz yaşlarını saxlaya bilməyib.
Argentinalı futbolçu geridə qalan mövsümdə 31 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, bundan əvvəlki mövsümdə də 30 matçda 12 qol və 7 məhsuldar ötürmə müəllifi olmuşdu.
“River Pleyt”in yetirməsi olan Qonsalo İquayn 19 yaşı olarkən Madrid “Real”ına transfer olunub. Yeddi mövsüm İspaniya nəhənginin uğurları üçün çalışan argentinalı hücumçu, daha sonra “Napoli”, “Yuventus”, “Milan” və “Çelsi” klublarının da formasını geyinib. O, Argentina yığmasında da 75 oyuna çıxıb, 31 qol vurub.
İquaynın qazandığı titulların siyahısı:
Real
İspaniya La Liqasının qalibi – 2006/07, 2007/08, 2011/12
İspaniya kubokunun qalibi – 2010/11
İspaniya super kubokunun qalibi – 2008, 2012
Napoli
İtaliya kubokunun qalibi – 2013/14
İtaliya super kubokunun qalibi – 2014
Yuventus
İtaliya A Seriyasının qalibi – 2016/17, 2017/18, 2019/20
İtaliya kubokunun qalibi – 2016/17, 2017/18
Çelsi
Avropa Liqasının qalibi – 2018/19


