İngiltərə nəhəngi “Mançester Yunayted” “Benfika” və Portuqaliya yığmasının mərkəz hücumçusu Qonsalo Ramos ilə güclənmək istəyir.
Arena.az bu haqda “Correio da Manha”ya istinadən xəbər verir.
Artıq “qırmızı şeytanlar” 22 yaşlı futbolçunun transferi üçün ilk təklifini də edib. Amma “Benfika”nın prezidenti Ruy Koşta ingilislərin 50+10 milyon avro məbləğindəki ilk təklifini rədd edib.
“Benfika”nın rəhbəri əmindir ki, “Mançester Yunayted” Ramos üçün 73 milyon avro ödəməyə hazırdır. Buna görə də “qartallar”ın prezidenti komandanın əsas hücumçunun satışından daha ciddi məbləğ əldə edəcəyini gözləyir.
Digər tərəfdən, 22 yaşlı hücumçuya PSJ-nin də iddia etdiyi bildirilir. Eyni zamanda, “qartallar”ın baş məşqçisi Rocer Şmidt də “Benfika”nın lider hücumçusunu itirmək istəmir.
2022/2023 mövsümündə Qonsalo Ramos “Benfika”nın heyətində 47 oyuna çıxıb, 27 qol vurub, 12 məhsuldar ötürmə verib. Ramosun “Benfika ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatacaq.
“Transfermarkt” internet-portalı Qonsalo Ramosu 50 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Mançester Yunayted” hazırda “Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntun transferini bitirmək üzrədir. Bu keçidin tezliklə rəsmən açıqlanması gözlənilir.