Futbol üzrə Portuqaliya yığmasının və “Benfika”nın mərkəz hücumçusu Qonsalo Ramos Fransa çempionu PSJ-yə keçib.
Arena.az bu barədə Paris klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
PSJ Ramosu bir mövsümlük – 2024-cü ilin yayına qədər satınalma şərti ilə icarəyə götürüb.
Bir gün əvvəl italyan jurnalist-insayder Fabrisio Romano, icarə müqaviləsi başa çatdıqdan sonra PSJ-nin Qonsalo Ramosu 65 milyon avroya alacağını, daha 15 milyon avronun isə bonus olaraq veriləcəyini nəzərdə tutduğunu bildirmişdi.
Qonsalo Ramos “Benfika”nın yetirməsidir. Geridə qalmış 2022/2023 mövsümündə o, sözügedən komandanın heyətində 47 oyuna çıxıb. 22 yaşlı futbolçu bu oyunlarda 27 qol vurub, 12 məhsuldar ötürmə verib və “qartallar”la Portuqaliya çempionluğunu qazanıb. Ümumikldə Ramosun “Benfika”da statistikası 106 oyun, 41 qol, 16 məhsuldar ötürmədən ibarətdir.
Ramos 2022-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasında 7 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Hüçümçu 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında iştirak edib.
“Transfermarkt” internet-portalı Qonsalo Ramosu 50 milyon avro məbləğində qiymətləndirir.