Qrem Potter “Mançester Yunayted”i çalışdıra bilər

“Çelsi”nin sabiq çalışdırıcısı, ingilis mütəxəssis Qrem Potter “Mançester Yunayted”in yeni baş məşqçisi təyin oluna bilər.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Belə ki, britaniyalı milyarder Cim Retkliffin klubda 25% səhm pay alacağı və “qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Erik ten Haqı istefaya göndərəcəyi halda, Qrem Potterin mankunianların sükanı arxasına gətiriləcəyi ehtimalı var.

Mənbənin məlumatına görə, Retkliffin ən yaxın dostu, həmçinin “Nitsa”nın sahibi olan fondun idman direktoru Deyv Breylsford Potterin məşqçilik istedadının böyük pərəstişkarıdır. Buna görə də onun “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə namizədliyi üçün canfəşanlıq göstərəcəyi vurğulanır.

Xatırladaq ki, Breylsford artıq Potteri “Nitsa”nı çalışdırmağa dəvət etmişdi.

Qrem Potter son olaraq çalışdığı “Çelsi”dən bu ilin aprelində ayrılandan bəri işsizdir. O, 2022-ci ilin 8 sentyabrından “Çelsi”yə rəhbərlik edirdi. Potter “zadəganlar”ı bütövlükdə 31 matça çıxarıb. Komanda bu görüşlərdə 12 qələbə qazanıb, 11 məğlubiyyətə üzülüb və 8 heç-heçə ilə kifayətlənib.

Daha öncə “Östersünd” və “Suonsi Siti”yə rəhbərlik etmiş Potter, “Çelsi”yə gələnə qədər “Brayton”u da çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: