Futbol üzrə Mozambik yığmasının üzvü, “Quima” ləqəbli Rikardo Martins Gimaraynş “Zirə”nin düşərgəsindən ayrılıb.
Arena.az xəbər verir ki, qəsəbə təmsilçisinin legioner futbolçusu ölkəsinin millisinə dəvət alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mozambik millisi bu ay DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uqanda və Botsvana yığmaları ilə qarşılaşacaq. Uqanda ilə oyun sentyabrın 5-də səfərdə, Botsvana ilə görüş isə ayın 8-də doğma meydanda baş tutacaq.
Xatırladaq ki, daha öncə “Zirə”nin müdafiəçiləri Anje Mutsinzi Ruanda, İssa Cibrillla isə Niger yığmasına çağırılmışdı.
Quima bu ilin əvvəlində azad agent kimi “Zirə”yə qoşulub. Onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi mövcuddur. 29 yaşlı yarımmüdafiəçi indiyə qədər “qartallar”ın heyətində cəmi 6 oyuna çıxıb.
Rikardo Martins Gimaraynş Portuqaliyada dünyaya göz açıb. O, peşəkar karyerası ərzində Portuqaliyanın “Oliveyrense”, “Koimbra”, “Sportinq” (B), “Akademika”, “Şaveş”, Polşanın LKS (Lodz) və Türkiyənin “İğdır” klublarında çıxış edib.
Quima 2023-cü ilin sentyabr ayından Mozambik millisində oynamağa başlayıb. O, bu komandanın heyətində meydana çıxdığı 16 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.


