“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Rakuv”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsi çərçivəsində də baş tutacaaq Polşa çempionu ilə səfər matçı öncəsi bunları söyləyib:
“Rakuv” oyun nizam-intizamı baxımından digər komandalardan çox fərqlənir. Bu rəqiblə Türkiyədəki toplanışda üz-üzə gəlmişdik. Amma komandada o vaxtdan bəri xeyli dəyişiklik var. İndi daha intizamlı və keyfiyyətli kollektiv olublar. Rəqibi yaxından tanımaq üçün sabah meydanda vaxtımız olacaq. Biz də bu matça ciddi hazırlaşmışıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik”.
Qurbanov yoxlama oyunları ilə Çempionlar Liqasındakı matçların fərqli olduğunu diqqətə çatdırıb: “Hazırlıq qarşılaşmasında hər iki komanda eyni formada ola bilməz. Sadəcə, həmin qarşılaşmada “Rakuv”un gücünü, aqressiyasını və nizam-intizamını gördük. Bu gün meydanda daha güclü kollektiv var. Bacardığımız qədər məlumat topladıq. Bu rəqiblə Çempionlar Liqasında oynamaq bizim üçün də maraqlı olacaq. “Rakuv” bizə hər hansı sürpriz hazırlaya bilər. Buna hazır olmalıyıq”.
Əvvəlki duellərdə Polşa təmsilçilərinə qalib gəlmələri ilə bağlı məsələyə toxunan çalışdırıcı bu cür statistikalar haqqında düşünmədiyini söyləyib: “Bu rəqibə də ciddi yanaşırıq. Qarşımızdakı komandanın kimliyindən asılı olmayaraq, hər bir oyuna hazırlıqlı olmağa çalışırıq. Əvvəlki matçları düşünsək, bizə mane ola bilər. Azarkeşlərimizə demək istərdim ki, narahatlıq yoxdur. Onların bizdən uğurlu nəticə gözləmələri məni sevindirir. Digər tərəfdən, yəqin, rəqibin ciddi olması onları narahat edir. Sabahkı oyunda son dəqiqələrədək diqqətli olmalıyıq”.
Qurbanov Türkiyənin “Rizəspor” klubunun transfer siyahısında olan Kevin Medinanın məsələsinə də aydınlıq gətirib: “Bu gün bizim heyətimizdədir, sabahkı oyuna hazırlaşır. Komanda ilə bütün məşqlərdə iştirak edib. Hələ ki, bizim oyunçudur”.
“Bu, “Rakuv”un bizə ciddi yanaşmasından irəli gəlir”
Təcrübəli mütəxəssisin sözlərinə görə, “Rakuv”un Polşa çempionatında “Korona”ya qarşı matçının təxirə salınması rəqibin “Qarabağ”la oyuna ciddi yanaşdığını göstərir: “Əvvəlki matçları nəzərə alsaq, komanda 3-4 gündən bir oyun keçirib. Növbəti çempionat görüşlərinin təxirə salınması rəqibin məsuliyyətindən, bizə ciddi yanaşmasından irəli gəlir. Federasiya da cavab qarşılaşmasının Bakıda olmasını nəzərə alaraq, “Rakuv”un müraciətinə müsbət cavab verib”.
Baş məşqçi yeni transfer Juninyonun “Rakuv”la ilk matçda meydana çıxma ehtimalının az olduğunu vurğulayıb: “Komanda ilə yüngül məşqlərə başlasa da, tam hazır deyil. Bu cür görüşlərdə oynaması riskli ola bilər. Amma yenə də həkimlərlə məsləhətləşəcəyik”.
Qurban Qurbanov oğlu Musa Qurbanlının İsveçin “Yurqorden” klubundakı debütünü də dəyərləndirib: “Açığı, oyunu tam izləmədim. Həmin saatlarda məşqimiz var idi. Ümumi təəssüratlar pis deyil. Amma indidən bu barədə ətraflı fikir bildirmək tezdir. Bu komandaya gedənədək xeyli müzakirəmiz oldu. Təkcə Musanın oyunu ilə deyil, oradakı gedişatla, klubun iş prinsipləri ilə maraqlanıram. Məncə, faydalı olmalıdır. Amma yenə də zaman lazımdır. Qarşıdakı oyunlardan, təqribən 1-2 aydan sonra dəqiq fiir bildirmək olar”.
Qeyd edək ki, Musa Qurbanlı bu ayın əvvəlində “Yurqorden”lə 3 illik müqavilə imzalayıb. 21 yaşlı forvardın debüt oyunu “Elfsborq”la çempionat matçına (0:4) təsadüf edib. Onun adı komandasının Avropa Konfrans Liqasının oyunları üçün iştirak ərizəsinə də daxil edilib.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşünə Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək və saat 20:00-da başlayacaq.


