Bu gün – aprelin 13-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur. Arena.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Qurban Qurbanovla görüşüb.

AFFA prezidenti təcrübəli mütəxəssisi əlamətdar yubileyi münasibətilə təbrik edib. Federasiya rəhbəri ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.
Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.

Yeri gəlmişkən, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) və Bakı Avropa Liseyi “İdman və Sülh” devizi ilə tədbir keçirib. Tədbirdə Qurban Qurbanova Avropa Konfrans Liqasında Marsel “Olimpik”i (Fransa) ilə oyundakı jestinə görə feyr-pley mükafatı təqdim edilib.
Bundan əlavə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və “Ədalətli Oyunlar” komissiyasının sədri, dünya və Avropa çempionu Xəzər İsayev də Qurbanova xüsusi mükafat təqdim edib.

Xatırladaq ki, Qurbanov “Olimpik”lə matçda İbrahima Vadjinin əllə qol vurduğunu öyrəndikdən sonra futbolçusundan bunu hakimə bildirməsini tələb etmişdi. Nəticədə həmin qol qeydə alınmamışdı.
Sonda 50 illik yubiley günündə Qurbanovla bağlı bir sıra maraqlı faktları təqdim edirik:
Qurbanovun futbolçu karyerası ilə bağlı maraqlı faktlar
- Milli komandada vurduğu 14 qolla yığma tarixinin bombardidir.
- 1992-2005-ci illərdə formasını geyindiyi millidə ümumilikdə 68 matça çıxıb.
- “Daşqın”ın yetirməsi 16 yaşında – 1988-ci ildə SSRİ çempionatlarının aşağı dəstəsində çıxış edən Mingəçevir “Avtomobilçi”sinin heyətinə cəlb olunub.
- 1992-ci ildə müstəqilliyə qədəm qoyan Azərbaycan futbolundan daha tez SSRİ çempionatlarından ayrılaraq, fasilələrlə 1989-92-ci illərdə “Mertsxale” və “Alazani” ilə müstəqil Gürcüstan çempionatında çıxış edib.
- SSRİ çempionatlarının ikinci aşağı liqasında “Daşqın”da 24 qol vurub.
- Müstəqil Azərbaycan çempionatlarında doğma “Daşqın”da debüt edib. İki mövsümdə 24 qol vurduğu Zaqatala təmsilçisini klub dağıldıqdan sonra tərk edib.
- İlk Azərbaycan çempionluğu və avrokuboklarda debütü artıq tarixin yaddaşına köçən “Turan”la gerçəkləşib.
- Futbolçu kimi qazandığı digər titullara – üç çempionluq və kuboka “Neftçi”də nail olub.
- Legioner həyatı yaşadığı Rusiyada Stavropol “Dinamo”su, “Fakel”, “Baltika” və “Volqar”da çıxış edib. “Dinamo”da oynadığı vaxt komandasının ən yaxşı bombardiri olub.
- Hesabındakı 115 topla ölkə çempionatlarında 100 və daha çox qol vuran oyunçuların siyahısına düşüb.
- Azərbaycan karyerasında “Daşqın”, “Kür” (əvvəl “Avtomobilçi”), “Turan” və “Neftçi”də oynamış hücumçunun son komandası “İnter” (indiki “Şamaxı”) olub.
- Karyerasını 33 yaşında zədə səbəbindən başa vuranadək Premyer Liqada 191 oyun keçirib.
- Bir dəfə – 1996/97 mövsümündə Azərbaycan çempionatının bombardiri olub.
- 2003-cü ildə Azərbaycanda ilin futbolçusu seçilib.
Qurbanovun məşqçilik karyerası ilə bağlı maraqlı faktlar
- Futbolçu karyerasını “İnter”də başa vurduqdan sonra bu klubda funksioner kimi idman direktoru fəaliyyətinə başlayıb.
- Baş məşqçi fəaliyyətinə 2006-cı ilin yayında “Neftçi”də start verib. Çempionluğu sonuncudan əvvəlki turda “Olimpik”ə uduzaraq əldən versə də, debüt ilində gümüş mükafat əldə edib.
- Avrokuboklarda debüt UEFA kubokunda “Rid” (Avstriya) səddini keçə bilməməklə əlamətdar olub.
- 2007/08 mövsümünün əvvəlində “Neftçi”dəki postunu tərk edib.
- Bir ilə yaxın işsiz qaldıqdan sonra 2008-ci ilin yayında “Qarabağ”ın sükanı arxasına keçib. Azərbaycan futbolu tarixində 14 il eyni klubda çalışan yeganə məşqçidir.
- Baş məşqçi kimi ilk titulunu “Qarabağ”dakı debüt mövsümündə – 2008/09 mövsümünün kubokunu qazanmaqla əldə edib.
- “Qarabağ”la avrokuboklarda 2009/10 mövsümündə debüt edib və pley-offa qədər yüksəlib.
- Baş məşqçi kimi ilk çempionluğunu 2013/14 mövsümündə qazanıb.
- Hamıdan çox – 7 dəfə Azərbaycan çempionu olan baş məşqçidir. Hamıdan çox – 4 dəfə Azərbaycan kubokunu qazanan baş məşqçidir.
- Komandası ilə birlikdə ardıcıl üç dəfə “Qızıl dubl” müəllifi olub.
- Çempionlar Liqasının qrupuna komanda çıxaran ilk baş məşqçidir.
- “Qarabağ”ı ümumilikdə 8 dəfə – biri Çempionlar Liqası, altısı Avropa Liqası, biri Konfrans Liqasında qrupa çıxarıb.
- Avrokuboklarda – Konfrans Liqasında ilk dəfə Azərbaycan komandasının qrupdan çıxmasına cari mövsüm “Qarabağ”la nail olub.
- Avrokuboklarda ən çox oyun və ən çox qələbəyə malik olan Azərbaycan məşqçisidir.
- Premyer Liqadakı oyun və qələbə sayında Azərbaycan rekordçusudur.
- Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk mütəxəssisdir.
- 2017-ci ilin sonunda baş məşqçisi təyin olunduğu Azərbaycan millisinə bir il rəhbərlik edib. Milli komanda onun rəhbərliyi altında 12 oyuna çıxıb və Millətlər Liqasının ilk mövsümündə D liqasının qrup ikincisi olub.
- Azərbaycan çempionatlarında medal sayında mütləq rekordçudur: 7 qızıl, 3 gümüş və 2 bürünc
- 2016-18-cı illərdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü olub.



