Qurban Qurbanov: “Bizdə futbolçulardan tələblər böyükdür”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 19-cu turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Hələ tam idman formalarını bərpa etməsələr də, çox intizamlı oyun keçirdilər. Bu gün 90 dəqiqə onlardan eyni oyunu tələb edə bilməzdik. Çünki tam hazır deyillər. Qələbə üçün çox düzgün oyun oynadılar. Çox da istəkli idilər. Qarşımızda çox istəkli, dinamik komanda var idi. Rəqib çox sürətli oyunçulara malikdir. Vacib üç xal qazandıq. Belə havada futbolçularda istər-istəməz özünü idarə etmək, oyunun içində olmaq o qədər də asan deyil. Soyuq havada bizi tək qoymayan azarkeşlərə də təşəkkür edirəm”.

Aleksey İsayevin performansından razı qaldım. Tez bir zamanda kollektivə, oyunumuza uyğunlaşdı. Amma biz qarşıda daha dinamik, komandaya daha fayda verəcək Aleksey görmək istəyirik. Bu potensial onda var. Bunu ondan tələb edəcəyik.

Təkcə “Braqa” ilə oyuna yox, mövsümün ikinci mərhələsinə hazırlığımızı davam etdiririk. Oyundan-oyuna daha yaxşı səviyyəyə gəlib çıxmaq istəyirik. Qarşıdakı oyunlarda daha təmkinli, daha yaxşı oyun göstərməliyik ki, “Braqa” ilə matçda komanda daha yaxşı səviyyədə olsun”.

Qurban Qurbanov bu qış xaricə getməməyin komandaya müsbət təsirinin daha çox olduğunu düşünür, nəinki mənfi təsirinin: “İl ərzində futbolçular gərgin hazırlıq keçirlər. Avrokubok, çempionat matçlarına çıxırıq. Bizdə futbolçuların hər birindən tələblər böyükdür. Qrupa düşmək, qrupdan çıxmaq çox vacib idi. Futbolçularda psixoloji yorğunluq çox olur. Fiziki yorğunluğu tez bir zamanda aradan qaldırmaq mümkündür. Psixoloji yorğunluğu isə aradan qaldırmaq üçün düzgün proqrama ehtiyac olur. Bakıda qalmağa gəldikdə, onsuz da vaxtımız az olacaqdı. Ona görə burada qaldıq. Futbolçular məşqlərə gəlib, daha sonra ailələrinin yanına gedirdilər. İnanıram ki, bunun futbolçulara faydası çox oldu. İstər-istəməz Antalyada və yaxud da başqa yerdə olsaydıq, hazırlıq fərqli psixoloji formada gedəcəkdi. Bunları nəzərə alaraq, Bakıda qalmağa qərar verdik”.

“Hücum xəttinə oyunçu transferi fikirləşirik”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyəti barədə bunları söyləyib:

“Maraqlı oyun oldu. “Qarabağ”ı təbrik edirəm, qarşıdakı matçlarda onlara uğurlar arzulayıram. Bu gün yeni yaranmış “Araz-Naxçıvan” avrokuboklarda rəqiblərini çökdürən “Qarabağ”a qarşı oynayırdı. Onlarla matçda boşluqlarımız görünməsə, gülünc olardı. “Qarabağ” 20 ildən artıqdır ki, Azərbaycan futbolunda dominantlıq edir. 15 günə yaranmış komanda “Qarabağ”la başabaş oynaya bilməz. Uşaqlar çalışdılar, meydanda vuruşdular. Gənclərimiz də oynadılar. Onları burada sınamasaq, harada oynayacaqlar? Get-gedə onların da yaxşı performansını görəcəyik. Üçüncü və dördüncü dövrə maraqlı olacaq. Komandaların hamısı güclənib. Yeni futbolçularımızdan razı qaldım. Biz də istəyərdik ki, legioner dəvət edək. Araşdırmalarımız, seleksiya işləri davam edir. Yaxşı oyunlarımız olsa, alınacaq. Əsas da hücum xəttinə oyunçu transferi fikirləşirik. Orada boşluqlar çoxdur. O komandayıq ki, rəqib qapısı qarşısında 3-4 epizod yaradıb, yararlana bilmirik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: