“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 2026/27 mövsümünün ilk turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşündə Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Qurban Qurbanob oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk oyunumuz idi. Əvvəlcə bütün komandalarımıza, hər bir futbolçumuza və məşqçimizə uğurlar arzulayıram. İnanıram ki, bu çempionat daha aktiv və maraqlı keçəcək.
Oyuna gəldikdə, gördüyünüz kimi, gərgin qarşılaşma oldu. Yeni rəqib idi və onları o qədər yaxından tanımırdıq. Həm məşqçi heyətində, həm də futbolçuların tərkibində xeyli dəyişikliklər olmuşdu. Bu baxımdan çox vacib qələbə qazandıq.
Futbolçularımız bir qədər yoruldular. Buna baxmayaraq, ikinci hissədə daha yaxşı xarakter göstərdilər və sonda qələbə əldə edə bildik. Məncə, bütün oyunlar belə gərgin keçəcək. İlk qarşılaşmadan bizim üçün böyük bir siqnal oldu ki, bütün oyunlara çox ciddi yanaşmalıyıq”.
Qurban Qurbanov bəzi futbolçuların çıxışına da ayrıca toxunub. O, Samuel Lobatonun çıxışını dəyərləndirib, Bəhlul Mustafazadənin uzun fasilədən sonra meydana çıxmasına, həmçinin Renaldo Sefasın zədələnməsinə də münasibət bildirib:
“Samuel Lobato yaxşı oynadı. Əslində, uzun müddətdir ki, meydana çıxmırdı. Aktiv oynadı, çox fəal idi. Sadəcə, bir qədər oyun təcrübəsinə ehtiyacı var. Həmçinin heyətdə müəyyən dəyişikliklər olmuşdu. Amma ümumilikdə onun aktivliyi, meydanda topla davranışı və hərəkətləri komandamız üçün lazım olan formada idi. İnanıram ki, qarşıdakı oyunlarda yavaş-yavaş daha yaxşı formasını bərpa edəcək.
Bəhlul Mustafazadəyə də yavaş-yavaş oynamaq lazımdır. O, daha çox fərdi qaydada məşq edirdi. Artıq komandaya qoşulub. Ümumiyyətlə, gedişat pis deyil. Amma bildiyiniz kimi, bir neçə aydır oyun təcrübəsi yoxdur. Ona görə də tələsmədən, yavaş-yavaş onu gücləndirməliyik. Belə davam etsə, qarşıdakı müddətdə öz optimal formasını bərpa edəcək.
Renaldo Sefas ikinci hissədə bir qədər zədələndi. Əzələsində gərginlik oldu. Sonda onu meydanda saxlamaq üçün risk etmədik. Dəyişikliklər də bitmişdi. Yəqin ki, sabah klub tərəfindən tam məlumat veriləcək”.
“İnşallah, “Şamaxı”nın da sponsoru olar” – Azər Bağırov
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Birinci hissədə uşaqlarda həyəcan var idi. Bu oyundan nəticələr çıxarmalıyıq. Səhvlərimiz var. Oyundan əvvəl dediyimiz epizodlarda səhvlər etdik. Daha yaxşı olmaq lazımdır. “Qarabağ” kimi rəqiblərlə matçlarda tapşırıqları maksimum yerinə yetirmək lazımdır. Cüzi səhvlər bağışlanmır. Daha yaxşı olmaq üçün çalışacağıq. “Qarabağ”a Konfrans Liqasında uğurlar arzulayıram”.
Yerli gənc futbolçulardan ibarət yaxşı heyətimiz var. Azərbaycan futboluna yaxşı oyunçular cəlb etmək istəyirik. İşimiz çətindir. Asan iş olmur. Bilirsiniz ki, Premyer Liqada çalışmaq nə qədər çətindir. İnşallah, zamanla sponsorumuz olar və hər şey yoluna düşər”.


